AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

Prezident sənaye istehsalı ilə bağlı çox ciddi addımlar atıldığını qeyd edib:"Xüsusilə o vaxt kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş qərarlar imkan verdi ki, kənd təsərrüfatı inkişaf etməyə başlasın. Kəndlilər, fermerlər yaxşı bilirlər ki, Heydər Əliyevin göstərişi ilə fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilmişdir, torpaq islahatı aparılmışdır və inkişafa gedən yolda ilk addımlar atılmışdır. Düzdür, o vaxt bizim maliyyə imkanlarımız çox məhdud idi, ona görə dövlət kənd təsərrüfatına öz maddi dəstəyini lazımi səviyyədə göstərə bilmirdi. Ancaq özəl sahibkarlıq, bazar iqtisadiyyatına keçid nəticəsində kənd təsərrüfatında inkişaf dövrü başlamışdır”.

Dövlət başçısı sosial infrastruktur yaradıldığını, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi tikildiyini vurğulayıb: "Eyni zamanda, sahibkarlara verilən kreditlər hesabına yüz minlərlə yeni iş yeri yaradılmışdır. Bütövlükdə 2004-cü ildən bu günə qədər 1 milyon yarım iş yeri açılmışdır ki, bunun böyük əksəriyyəti daimi iş yeridir. Demək olar ki, hazırda Azərbaycanda işsizlik kimi bir çox ölkələri incidən, boğan sosial amil yoxdur. İşsizlik 5 faiz səviyyəsindədir. Bu gün işləmək istəyən özü üçün iş tapa bilər. Son iki il ərzində xüsusilə kənd təsərrüfatı, sənaye sahələrində çox böyük işlərin görüldüyünü nəzərə alsaq, Azərbaycanda işsizliyin və yoxsulluğun səviyyəsi daha da aşağı düşəcək. Biz xalqımızı, dövlətimizi bu böyük bəlalardan qurtara bildik”.